ABŞ-nin ukraynalı nümayəndəsi ölkəsinə pul göndərilməsinə niyə qarşı çıxdı?
ABŞ-nin nümayəndələr palatasının ilk və yeganə ukraynaəsilli üzvü Viktoriya Spartz açıqlaması ilə gündəmə gəlib. O, ölkəsinə 61 milyard dollar yardım göndərilməsi layihəsinin əleyhinə səs verib.
Xanım Spartz fikirlərində ilk növbədə ABŞ-yə sadiqliyini ifadə edərək ölkənin Meksika ilə sərhədindəki məsələlərin daha vacib olduğunu diqqətə çatdırıb:
“Ukraynanın ABŞ üçün əhəmiyyəti olmadığını söyləmək, ya da sorğu-sualsız birbaşa Ukraynanı dəstəkləmək seçimlərinin hər ikisi də yanlışdır. Bu mövqelərin heç biri ölkəmizin milli maraqlarına uyğun deyil. Eyni zamanda sözügedən istiqamətlər Ukrayna xalqının istəkləri ilə də üst-üstə düşmür”.
Xanım Spartzın bu açıqlaması ukraynalılar tərəfindən birmənalı qarşılanmayıb. Siyasətçi həmvətənləri tərəfindən ciddi tənqid olunub. Onlar Viktoriyanın tamamilə dəyişdiyini və başqa bir insana çevrildiyini bildiriblər. O isə soydaşlarını cavabsız qoymayıb. Viktoriya Spartz bir ABŞ vətəndaşı kimi təmsil olunması üçün onu seçən insanlara və ailəsinə yox, 24 il əvvəl tərk etdiyi ölkədəki hökumətə sadiq qalması kimi bir fikrin gülünc olduğunu vurğulayıb.