Manqrovlar sahilyanı əraziləri təbii fəlakətlərdən qoruma qabiliyyətinə malikdir
Milyonlarla insanı fırtınalardan qoruyan və böyük həcmdə istixana qazlarını udan dünyanın sahilyanı manqrov meşələri gözlənilmədən bərpa olunmağa başlayıb.
Onilliklər ərzində balıqçılıq təsərrüfatlarının yaradılması və yaşayış məntəqələrinin salınması üçün ağacların kəsilməsi nəticəsində bu bataqlıq sahələrinin həcmi sürətlə azalırdı. Lakin yeni tədqiqat göstərir ki, 2010-cu ildən bəri dünyada manqrov meşələrinin sahəsində artım itkiləri üstələyir.
Buna hüquqi-mühafizə tədbirlərinin gücləndirilməsi və 2004-cü ildə Hind okeanında baş verən sunami kimi fəlakətlərdən sonra cəmiyyətdə bu meşələrin əhəmiyyəti barədə məlumatlılığın yüksəlməsi səbəb olub.
Tədqiqatçılar qeyd edirlər ki, buna baxmayaraq, həlledici amil bu meşələrin təbii şəkildə bərpa olunmaq qabiliyyətidir. İnsanlar onları qırmağı dayandıran kimi manqrovlar yenidən inkişaf etməyə başlayır.
Manqrov meşələri ətraf mühitin qorunmasında rolu çox vaxt lazımınca qiymətləndirilməyən təbii müdafiə vasitələrindən biridir. Onlar quru meşələri ilə müqayisədə beş dəfə çox karbon qazı udmaqla yanaşı, bir-birinə dolaşmış kökləri sayəsində dalğaların qarşısını almağa, sahilyanı yaşayış məntəqələrini fırtına qabarmalarından və sunamilərdən qorumağa qadirdir.
Həmin köklər eyni zamanda bir çox balıq növü və digər dəniz canlıları üçün ideal çoxalma mühiti yaradır, onları yırtıcılardan qoruyur və bol qida ilə təmin edir.
