Paşinyanın başını necə aldadırlar? - Gürcüstan xilas oldu, o isə...
Ermənistan Avropa İttifaqına üzvlüyü müzakirə edir, lakin ekspertlər bunu illüziya adlandırır: Qərb İrəvandan öz məqsədləri üçün istifadə edir və real perspektivlər təklif etmir.
Ermənistan hökuməti Aİ-yə qoşulma proseduruna başlamaq üçün parlamentə qanun layihəsi təqdim edib və Avropa ilə yaxınlaşmaq niyyətini bəyan etsə də, “NEWS.ru”nun istinad etdiyi analitiklər bu niyyətlərin səmimiliyinə şübhə edir və bu addımı daha çox siyasi manipulyasiya adlandırırlar.
Baş nazir Nikol Paşinyan etiraf edib ki, qanun layihəsi dərhal üzvlük üçün müraciət deyil, müzakirə və mümkün referendum üçün lazımdır.
Politoloq Aleksey Naumov “NEWS.ru”ya şərhində təşəbbüsü Paşinyanın mövqeyini gücləndirməyə yönəlmiş “siyasi silah” adlandırıb.
“Bu, Paşinyanın siyasi silah kimi istifadə etdiyi güclü bir ideyadır. Avropa İttifaqı bunu görür və onun təşviqindən faydalanacağını başa düşür, xüsusilə də Brüsselin bunun üçün xüsusi bir şey etməsinə ehtiyac yoxdur, sadəcə müşahidəçilər göndərmək, cüzi pul köçürmək və bir az silah göndərmək yetərlidir. Bunun müqabilində Aİ çox şeyə hazır olan bir ölkə əldə edir, o cümlədən regionda Rusiya və Azərbaycanın maraqlarına qarşı durmağa hazır olan bir ölkə”, – A.Naumov qeyd edib.
Rusiyalı politoloq Gevorq Mirzəyan vurğulayıb ki, Avropa İttifaqı bu cür təşəbbüslərdən Ermənistanı Rusiyanın inteqrasiya orbitindən çıxarmaq üçün istifadə edir.
“Qərbin vəzifəsi Ermənistanı istənilən “şirinquşla” Rusiyanın inteqrasiya məkanından çıxarmaqdır. İrəvanın sonra necə olacağından o qədər də narahat deyil. Hər variant yaxşıdır. Əgər suverenliyi qorumaq və dövləti qərbpərəst etmək mümkün olarsa, bu, Qərb üçün daha yaxşıdır. Bu o deməkdir ki, Ermənistan Cənubi Qafqazda Birləşmiş Ştatların bazasına çevrilir”, – G.Mirzəyan bildirib.
Ekspertlər yekdilliklə vurğulayıblar ki, Aİ-yə üzvlük haqqında qanun layihəsi real xarici siyasət məqsədi deyil, Paşinyanın iqtidarı qorumaq və cəmiyyətin əhvali-ruhiyyəsini idarə etməyə yönəlmiş daxili strategiyasının bir hissəsidir.