Rusiya əks-hücumdan niyə əl çəkdi? | Nəşr dəhşətli hadisələrdən yazdı
Rusiya sülh danışıqlarında Kiyevin əlindən qiymətli sövdələşməni almaq üçün Donald Trampın andiçmə mərasimindən əvvəl Kursk bölgəsini geri qaytarmağa çalışır.
Bu barədə “The Wall Street Journal” yazıb.
Ukraynalı döyüşçülərin nəşrə verdiyi açıqlamalara görə, ruslar mövqelərə elə şiddətlə hücum edirlər ki, bəzən hücumda həlak olan yoldaşlarının cəsədləri üzərindən keçirlər.
“Onlar daim – səhər, günorta, gecə hücum edirlər”, – Ukrayna ordusunun 47-ci mexanikləşdirilmiş briqadasının batalyon komandiri Geniy deyib.
Komandir bildirib ki, təxminən altı həftə əvvəl ruslar zirehli texnikanın köməyi ilə əks-hücum əməliyyatına başlamışdılar. Lakin çoxlu sayda zirehli texnikanı itirdikdən sonra bu strategiyadan əl çəkərək döyüşçüləri kiçik qruplar halında piyada göndərməyə başlayıblar:
“Üç nəfərin öhdəsindən gəlmək o qədər də çətin deyil, lakin onlar bir-birinin ardınca gələndə bəziləri irəliləməyi bacarır. Bəzən bu, bir neçə metrdir, amma bir neçə həftə ərzində əhəmiyyətli irəliləyiş olur”.
Geniy rusların öz itkilərini nəzərə almadıqlarını bildirib:
“Mənim döyüşdüyüm rayonda rusların canlı qüvvəsi Ukrayna Ordusunun həmin mövqedə olan qüvvələrindən 3 dəfə, texnika və piyadaların hücumunda istifadə olunan zərbə PUA-ları isə 6 dəfə çoxdur”.
Sucada döyüşən başqa bir ukraynalı hərbçi nəşrə deyib ki, onun olduğu ərazidə Rusiya və Ukrayna qüvvələrinin nisbəti 10-un 1-ədir:
“Rusları saymaq çətindir. Hücum etdikləri sahə cəsədlərlə doludur. Hücum edəndə sözün əsl mənasında yoldaşlarının cəsədlərini tapdalayırlar”.
Nəşr yazıb ki, Şərq cəbhəsindən fərqli olaraq Kurskda döyüşən ukraynalı hərbçilərin təchizatı olduqca yaxşıdır.