Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV
XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunacaq.
Adları:
çar dövründə - Xancığaz
sovet dövründə - Xancığaz, İbrahimli, Gözəldərə
Kənd 1940-cı ilin iyununda Gözəldərə adlandırılana qədər ən azı bir əsr ərzində Xancığaz adını daşıyıb.
1991-ci ilin aprel ayında Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı Aznvadzor olaraq dəyişdirilib.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.
XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. 1801-ci ildə I Aleksandr “Gürcü xalqına” manifesti ilə, nəhayət, Kartli-Kaxetiya çarlığının ilhaqını təsdiqləyib: gürcü monarxiyası ləğv edilib, Şərqi Gürcüstan isə Rusiya imperiyasının tərkibinə daxil edilib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
