Ceyhun Bayramov Rusiyanın yeni səfirini qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Yevdokimovu qəbul edib. Bu barədə XİN-dən bildirilib.
Görüşdə səfir Mixail Yevdokimov etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilməsinin qeyd olunan çərçivəyə uyğun olmadığı bildirilib.
Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddiaların reallığı təhrif etdiyi vurğulanıb. Uzun müddət ərzində Rusiyanın da tərəf olduğu üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyət, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınması faktları xatırlanıb.
Azərbaycan tərəfinin “Laçın” sərhəd-buraxılış məntəqəsi yaratmasının suveren hüququ olduğu, qanunazidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıdığı bildirilib. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub. Azərbaycan tərəfi isə yenə də erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.
Rusiya XİN-i tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsinə gəldikdə, bu məsələnin Azərbaycanın milli qanunvericilik çərçivəsində həll olunacağı və bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsünün mövcudluğu qeyd edilib.
Tərəflər daha sonra qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.