Erməni fəal Miatsum rəhbərlərinə səsləndi: Hamınız mühakimə olunacaqsınız
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın keçmiş müşaviri Jirayr Liparityanın bir neçə gün öncə xarici mediaya verdiyi müsahibə ölkənin mövcud siyasi elitasının beyninin necə və hansı istiqamətdə çalışdığını göstərmiş oldu.
“44 günlük müharibədən sonra BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq təşkilatların çağırışlarını biz eşitmədik” deyən keçmiş müşavirin çıxışında Ermənistan hakimiyyətinin çarəsiz şəkildə dalana dirəndiyini hiss etmək mümkündür. J.Liparityan daha sonra deyib:
“Özümüzü qurban obrazında dünyaya tanıtmağa, bizə yardım əli uzada biləcək ölkələrə meyil etməyə vərdişik. Amma indi Ermənistanın nə hərbi müttəfiqləri, nə də onlara yardım əli uzadacaq dostları qalıb”.
Keçmiş müşavir bununla da etiraf edib ki, bir vaxtlar onlara dost deyib qucaq açan ölkələr də artıq reallıqları qəbul edib və Qarabağdakı qondarma rejimin heç vaxt tanınmayacağını, bu torpaqların Azərbaycanın tərkib hissəsi olduğunu bir daha rəsmi İrəvana xatırladıblar.
Erməni fəal İşxan Verdyan məsələ ilə bağlı açıqlamasında bildirib ki, Qarabağ mövzusu bitdikdən sonra hər kəs mühakimə olunacaq: “Jirayr Liparityan “Daşnaqsütyun” partiyasının siyası fəalı kimi indi də fəaliyyət göstərir. Onun siyasi arenadakı yeri çox ciddi qiymətləndirilir. Həm J.Liparityan, həm də Levon Ter-Petrosyan milli erməni hərəkatı “Miyatsum”un idea rəhbərlərindən olublar. Məhz bu ideoloji istəklərə arxalanaraq ilk etnik təmizləmələrə başlanılmışdı. İndi cərəyan edən hadisələrin Ermənistanın xeyrinə getmədiyini başa düşən bu iki siyasətçi narahatlıq keçirir. Çünki onlar anlayırlar ki, Qarabağ mövzusu Azərbaycanın xeyrinə bitdikdən sonra hər kəs mühakimə olunacaq. Belə bəyanatları səsləndirməklə onlar yaşana biləcəklərdən boyun qaçırmağa çalışırlar. Regionda hökm sürən bütün problemlərin dolayısı ilə ilk səbəbkarı da məhz onlardır”.
#Jirayr Liparityan teqi istifadə olunub
