Ermənistan-Azərbaycan münasibətlərində digər ölkələrin marağı
“Altı ay əvvəl vəziyyəti müşahidə edəndə, hər iki tərəfin nümayəndələri ilə danışanda belə bir təəssürat yaranmışdı ki, proses daha da mürəkkəb olacaq, ikitərəfli danışıqlarda Azərbaycanın Ermənistana ciddi təzyiq göstərməsinə gətirib çıxaracaq. Lakin gözlədiyimin əksinə olaraq belə ikitərəfli danışıqlar daha konstruktiv oldu”.
Bunu rusiyalı politoloq Vladimir Kireyev Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlara münasibət bildirərkən deyib.
“Çünki əksi olduqda hər üçüncü tərəf danışıqlara öz gündəmini daxil etməyə başlayır. Yəni Azərbaycan-Ermənistan münasibətləri oyuna, böyük dövlətlərin xarici siyasətinin bir hissəsinə, onların ziddiyyətlərinə, qarşılıqlı maraqlarına və qarşılıqlı düşmənçiliyinə çevrilir.
Demək istədiyim odur ki, Brüssel Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, Rusiya regionu öz təsir dairəsində saxlamaq, İran isə regionda Amerikanın hərbi bazalarının olmamasını istəyir və s.
Azərbaycan və Ermənistan oturub öz aralarında razılığa gələ bilər. Görünür, hər iki tərəf bu münaqişədən yorulub və bir-birinə doğru addım atmağa hazırdır. Əlbəttə ki, bu, sürpriz oldu, amma etiraf edirəm ki, bu, kifayət qədər yeni formata bənzəyir. Tərəflərin belə razılığı müsbət siqnaldır”, – o bildirib.