Ermənistanın boyun qaçırdığı, Azərbaycanın öz gücünə həll etdiyi müddəalar
Noyabrın 10-u Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən günlərdən biridir. Çünki məhz həmin gün erməni təxəyyülü və mifi tarixin arxivinə qovuşdu. Ermənistanın kapitulyasiya aktına imza atması Azərbaycanın döyüş meydanında sahib olduğu hərbi gücünü, müharibədən sonra diplomatiya cəbhəsində də diktə etməsinə gətirib çıxardı.
Beləliklə, sülh müqaviləsinin rüşeymi rolunu oynayan üçtərəfli saziş Azərbaycanın Ermənistan üzərindəki hərbi-siyasi qüdrətini yeni fazaya qaldırdı.
Bəyanatdan sonrakı proseslər göstərdi ki, Ermənistan birmənalı şəkildə sənədin bəndlərinin icrasına mane olmağa çalışır, sülh və sabitliyin bərpasına hər vəchlə əngəl törədir.
Xüsusən də bəyanatın 4-cü, yəni erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması və 9-cu – bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi bəndləri Ermənistanın pozucu fəaliyyətinə görə son günə qədər yerinə yetirilmədi.
Lakin Azərbaycan BMT-nin 4 qətnaməsi kimi, Üçtərəfli Bəyanatın müddəalarını da öz qüdrəti hesabına həll etdi. Azərbaycan suveren ərazilərində separatizmin kökünü kəsməklə bölgəyə davamlı sülhün gəlməsinə zəmin yaratdı.
Bir sözlə, İrəvanın mövqeyindəki qeyri-konstruktivlik elə özünə baha başa gəldi. Çünki mübarizəmiz zəfər zəncirinin sonuncu halqasına qədər davam etdi və sentyabrın 19-da antiterror tədbirləri ilə sona çatdı. Artıq bütün torpaqlarımızda şanlı bayrağımız dalğalanır.