İlham Əliyev Kolumbiya səfirinin etimadnaməsini qəbul etdi
Avqustun 18-də Prezident İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı səfirlə söhbət edib.
Səfir Azərbaycanla Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib, ölkələrimizin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin uğurla inkişaf etdiyini bildirib. Minatəmizləmə sahəsində kolumbiyalı mütəxəssislərin Azərbaycanda fəaliyyət göstərdiyi qeyd olunub. Luis Fernando Kuartas Ayala ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Səfir ölkəmizdə akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin Ağdama səfərində iştirak etdiyini, həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olduğunu bildirib.
Dövlət başçısı Azərbaycanla Kolumbiya arasında siyasi əlaqələrin məmnunluq doğurduğunu vurğulayıb, ölkələrimizin BMT, Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini və daim bir-birini dəstəklədiyini qeyd edib.
İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib.