Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi
Ermənistanda yerləşən və yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin (indiki Şaki) tarixi
Tarixi adları:
Çar dövründə - Şəki, Şaki
Sovet dövründə - Şaki
Koordinatlar: 39.56586, 45.99841
Rusiya imperiyasının sənədlərində və XIX əsr - XX əsrin ilk üçdəbirinə aid digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə: “tatarlar”, “Qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar” kimi göstəriliblər. Layihənin hazırlanması zamanı istifadə olunan ayrı-ayrı mənbələrdə həmçinin “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” ifadələrinə də rast gəlinir.
Bundan sonra 1920-ci ilədək olan dövrə münasibətdə şərti olaraq “azərbaycanlıların əcdadları”, sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə ediləcək.
Kənd Zəngəzurda - tarixən azərbaycanlıların əcdadlarının yaşadığı və qərb hissəsi bolşeviklər tərəfindən Ermənistana verilmiş ərazidə yerləşir.
Adları:
Çar dövründə - Şəki, Şaki;
Sovet dövründə - Şaki.
1995-ci ildən kənd Ermənistan Respublikasının Sünik vilayətinin tərkibinə daxildir.
1590-cı ildə 1578-1590-cı illər Osmanlı-Səfəvi müharibəsinə son qoyan İstanbul sülhünə əsasən, müasir Ermənistan Respublikasının demək olar ki, bütün ərazisi Osmanlı imperiyasının hakimiyyəti altına keçib.
1590-cı ildə Osmanlı məmurları “İrəvan əyalətinin müfəssəl dəftəri”ni tərtib ediblər. Həmin sənəddə yaşayış məntəqələri sırasında Şəki kəndinin də adı çəkilir.
1724-cü il Rusiya-Osmanlı İstanbul müqaviləsinə əsasən, müasir Ermənistan Respublikasının ərazisi Rusiya tərəfindən Osmanlı imperiyasının mülkü kimi tanınıb.
1727-ci ildə Osmanlı hakimiyyəti tərəfindən yaşayış məntəqələrinin siyahısını və onların əhalisi haqqında məlumatları əks etdirən “Naxçıvan sancağının müfəssəl dəftəri” tərtib edilib. Bu sənəddə Şəki kəndinin adı çəkilir.
1728-ci ildə Osmanlı məmurları yaşayış məntəqələrinin adlarının göstərildiyi “İrəvan əyalətinin icmal dəftəri”ni tərtib ediblər. Burada da Şəki kəndinin adı qeyd olunur.
XVIII əsrin ortalarından Rusiya tərəfindən işğalınadək kəndin ərazisi Qarabağ xanlığının tərkibində olub.
XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya imperiyasının hakimiyyəti altına keçib. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub.
1823-cü ildə Gürcüstandakı baş idarəçi və hərbi komandan A.P.Yermolovun sərəncamı ilə hazırlanmış “Qarabağ əyalətinin təsviri” sənədinə əsasən, kənddə azərbaycanlıların əcdadları yaşayıblar. Kənd Qarabağın sonuncu xanı Mehdiqulu xan tərəfindən iri torpaq sahibi Hacı Ağalar bəyə bağışlanıb.
Çar dövrünün statistik məlumatlarına, o cümlədən erməni mənbələrində təqdim edilən məlumatlara əsasən, müxtəlif dövrlərdə 1915-ci ilədək kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar.
Əhali haqqında statistik məlumatlar
Z.Korkotyan. “Sovet Ermənistanının son yüz ildə əhalisi (1831-1931)”
1831-ci ildə kənddə 48 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.
1873-cü ildə kənddə 445 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.
“1886-cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarı əhalisi haqqında statistik məlumatlar toplusu”
1886-cı ildə kənddə 657 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.
XIX əsrin sonlarında sənayenin və ticarətin inkişafı, xüsusilə ümumqafqaz bazar şəbəkəsinin yaradılması Cənubi Qafqazın bəzi yaşayış məntəqələrini yaşayış və qazanc baxımından daha cəlbedici edib. Belə kəndlərdən biri də Şəki olub və onun əhalisi 1897-ci ilədək kəskin artıb.
Z.Korkotyan. “Sovet Ermənistanının son yüz ildə əhalisi (1831-1931)”
1897-ci ildə kənddə 1 191 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.
“Yelizavetpol quberniyası haqqında məlumatlar toplusu”
1900-cü ildə kənddə 1 196 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.
“Yelizavetpol quberniyasının 1910-cu il üçün yaddaş kitabçası”
1908-ci ildə kənddə 1 615 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.
“Yelizavetpol quberniyasının 1914-cü il üçün yaddaş kitabçasına əlavə”
1912-ci ildə kənddə 1 663 nəfər yaşayırdı. Onların hamısı azərbaycanlıların əcdadları idi.
“1916-cı il üçün Qafqaz təqvimi”
1915-ci ildə kənddə 1 584 nəfər yaşayırdı. Əhalinin əksəriyyətini azərbaycanlıların əcdadları təşkil edirdi.
1918-1920-ci illər
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvanı - indiki Yerevanı və ona bitişik bəzi əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb.
Mövcudluğunun ilk aylarından etibarən Ermənistan Respublikası qonşu ölkələrə - Azərbaycana, Gürcüstana və Türkiyəyə (həmin dövrdə Osmanlı imperiyası) qarşı ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi “Daşnaksütyun” partiyası Yelizavetpol quberniyasında, o cümlədən Zəngəzurda türk əhalisinə qarşı etnik təmizləmələrə başlayıb. Etnik təmizləmələr İrəvan quberniyasında, eləcə də digər rayonlarda, xüsusilə Qarabağ və Naxçıvanda həyata keçirilib.
Etnik təmizləmələr nəticəsində Şəkinin türk əhalisinin bir hissəsi erməni silahlı birləşmələri tərəfindən öldürülüb, digər hissəsi isə kənddən qovulub.
1918-ci ildə “Gürcüstan” qəzetində dərc edilmiş məlumata əsasən, həmin ilin avqustunda kənddə 95 nəfər öldürülüb, kəndin özü dağıdılıb, vurulan zərər isə 16 milyon rubl təşkil edib.
Arxiv sənədlərinin məlumatına görə, 1918-ci ilin payızında Şəki kəndində 500 nəfər, o cümlədən 200 uşaq öldürülüb, 156 nəfər yaralanıb.
Etnik təmizləmənin nəticələrini kənddə əvvəlki illərdə yaşayan türk əhalisinin sayı ilə 1922-ci ildə Sovet Ermənistanında keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrini müqayisə etməklə görmək mümkündür.
Z.Korkotyan. “Sovet Ermənistanının son yüz ildə əhalisi (1831-1931)”
1922-ci ildə kənddə 294 nəfər yaşayırdı. Onlardan 282 nəfəri azərbaycanlı idi.
29 noyabr 1920-ci ildə Sovet Ermənistanı elan edilib, baxmayaraq ki, İrəvanda hakimiyyət hələ də “Daşnaksütyun” hökumətinin əlində qalırdı.
Ertəsi gün Sovet Azərbaycanının rəhbərliyi Zəngəzurun Sovet Ermənistanına verilməsi barədə qərar qəbul edib.
Nəticədə keçmiş Zəngəzur qəzası bölünüb: 1921-ci ilin yayında etnik təmizləmələrdən sonra əsasən erməni əhalisinin qaldığı qərb hissəsi Ermənistan SSR-in tərkibinə daxil olub, şərq hissəsi isə Azərbaycan SSR-in tərkibində qalıb.
1930-cu ildən kənd Sisian rayonunun tərkibində olub.
Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarınadək kənd ərazisində azərbaycanlılar yaşayıblar.
Sovet dövründə əhali
Z.Korkotyan. “Sovet Ermənistanının son yüz ildə əhalisi (1831-1931)”
1926-cı ildə kənddə 792 nəfər yaşayırdı. Onlardan 385 nəfəri azərbaycanlı idi.
1931-ci ildə kənddə 1 067 nəfər yaşayırdı. Onlardan 557 nəfəri azərbaycanlı idi.
A.P.Manvelyan, Q.M.Martirosyan. “Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi, 1831-1959-cu illər”
1959-cu ildə kənddə 1 488 nəfər - azərbaycanlılar və ermənilər yaşayırdı.
Kənd əhalisinin sonrakı illərdəki sayı haqqında məlumatlar “Ermənistan və ona bitişik vilayətlərin toponimlər lüğəti”ndə verilir, lakin oradakı məlumatlar ziddiyyətlidir.
Lüğətin tərtibçiləri T.X.Akopyan, S.T.Melik-Baxşyan və O.X.Barseqyan digər erməni müəlliflərin - Z.Korkotyan, A.P.Manvelyan və Q.M.Martirosyanın əsərlərinə istinad etsələr də, onlardan götürülmüş məlumatları təhrif edirlər. İstinad edilən əsərlərdə kənd sakinlərinin hamısı və ya bir hissəsi azərbaycanlı kimi göstərilib. Lüğətdə isə onların hamısı erməni sakinlər adlandırılıb.
Bununla yanaşı, həmin lüğətin özündə 1988-1989-cu illərdə azərbaycanlıların kəndi tərk etdikləri qeyd olunur.
T.X.Akopyan, S.T.Melik-Baxşyan, O.X.Barseqyan. “Ermənistan və ona bitişik vilayətlərin toponimlər lüğəti”
1970-ci ildə kənddə 1 704 nəfər yaşayırdı.
1979-cu ildə kənddə 1 698 nəfər yaşayırdı.
1989-cu ildə kənddə 1 449 nəfər yaşayırdı.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa ərazi iddiaları və iki respublika arasında münasibətlərin kəskinləşməsi nəticəsində azərbaycanlılar Ermənistan SSR ərazisindən tamamilə qovulublar.
Məscid, qəbiristanlıq və epiqrafik abidələr
1902-ci il “Yelizavetpol quberniyası haqqında məlumatlar toplusu”nda həmin dövrdə kənddə məscidin fəaliyyət göstərdiyi qeyd edilir, lakin məscid günümüzədək qorunub saxlanılmayıb.
2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq rayonlarda azərbaycanlı irsinin qorunub qalmış obyektlərinin aşkar edilməsi və sənədləşdirilməsi məqsədilə genişmiqyaslı çöl tədqiqatları aparılıb.
Bu işlər zamanı Şəkidə Azərbaycan qəbiristanlığı aşkar edilib. Burada bir neçə onlarla dağıdılmış qəbirüstü abidə qorunub qalıb.
“Azərbaycanın epiqrafik abidələri korpusu” kitabında qeyd edilir ki, kənddəki qəbirüstü abidələrdən birində XIV əsr üçün xarakterik olan ərəb yazısı qeydə alınıb.
Mənbələr
Sayt materialında yuxarıdakı məlumatların əsaslandırılması üçün 36 ayrıca mənbə təqdim edilir. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, Rusiya imperiyasının statistik topluları, Osmanlı dəftərləri, sovet və erməni nəşrləri, “The Scotsman”, 1918-ci ilin “Грузия” qəzeti, Richard Hovannisianın “The Republic of Armenia” əsəri və digər sənədlər var. Bundan əlavə, Şəki ilə bağlı 53 vizual material yerləşdirilib.
Mənbə və layihənin tam materialı: https://perishedcivilization-front.com/ru/settlements/sheki-shaki/
#Şəki teqi istifadə olunub
- Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
- “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi təşkil olunub - Baku TV
- Şəkidə səhv əməliyyat qalmaqalı | 71 yaşlı qadının şok iddiası - Baku TV CANLI
- Qadının sol ayağının yerinə sağ ayağı əməliyyat edilib? - "Həkim dedi ki, qayıtmayacağam" - Baku TV
- Şəkidə itlər turistə ağır xəsarətlər yetirdi | Zərərçəkən şəxs təxliyə edildi - Baku TV
