2053-cü ilə planlaşdırılan kosmik missiya
Avropa Kosmik Agentliyi (ESA) Saturnun sirli peyki olan Enselada doğru genişmiqyaslı missiya hazırlayır.
Alimlər bu göy cismini Yer kürəsindən kənarda həyatın mövcud ola biləcəyi ən real namizədlərdən biri hesab edirlər.
Kosmik missiyanın 2040-cı illərin əvvəllərində start götürməsi, Enselada çatmanın isə təxminən 2053-cü ildə baş tutması planlaşdırılır.
Tədqiqatlar göstərir ki, peykdə həyat üçün zəruri olan üç əsas şərt – su, enerji mənbəyi və mühüm kimyəvi elementlər mövcuddur.
Missiya çərçivəsində orbital aparat peykin səthindən kosmosa püskürən su buxarı və buz zərrəciklərindən nümunələr toplayacaq. Eyni zamanda xüsusi eniş modulu Enseladın buzlu səthinə enərək orada birbaşa tədqiqatlar aparacaq.
Layihə ESA-nın "Voyage 2050" proqramı çərçivəsində həyata keçirilir. Bu missiya uğurla nəticələnərsə, bəşəriyyətin onilliklərdir cavab axtardığı "Yer xaricində həyat varmı?" sualına aydınlıq gətirilə bilər.
