İran İsraildəki hədəf obyektlərini açıqladı | Müharibə gərginləşir - Baku TV
"İran Ordusunun hədəfi İsrailin infrastruktur mərkəzləri olub".
Bu barədə İran Ordusunun bəyanatında qeyd edilib.
Bildirilib ki, müxtəlif növ döyüş PUA-larından istifadə edilərək Nof HaGalil sənaye şəhərində və Təl-Əvivdə "Elbit Systems", "Kanfit" infrastruktur mərkəzləri, müdafiə-hücum sistemlərinin istehsalı müəssisəsinə hücum edilib.
Qeyd olunub ki, "Elbit Systems" elektron müharibə, PUA istehsalı, kəşfiyyat sistemləri və radar sensorları sahəsində fəaliyyət göstərən silah mərkəzidir və İsrailin müxtəlif ölkələrə silah ixracının mühüm hissəsini təşkil edir.
"Kanfit" Sənaye Təşkilatı isə aerokosmik hissələrin mühəndisliyi və istehsalı, eləcə də təyyarə və helikopterlər üçün hava konstruksiyalarının hazırlanması sahəsində fəaliyyət göstərir.
Bu arada, İran Qızıl Aypara Cəmiyyəti ABŞ və İsrailin hücumları nəticəsində ölkə ərazisində zərər görən mülki obyektlərin statistikasını açıqlayıb. Sənədə görə, 105 325 mülki obyektə, 83 351 yaşayış binasına, paytaxt Tehranda isə 39 508 yaşayış və ticarət binasına ziyan dəyib. Bundan əlavə, 297 tibb və müalicə mərkəzi, 600 məktəb, 18 Qızıl Aypara mərkəzi, 48 təcili yardım maşını və 3 təcili yardım helikopteri hücuma məruz qalıb.
