Neftin qiyməti ilə bağlı proqnoz yeniləndi
“Goldman Sachs” bankı Hörmüz boğazının uzun müddət bağlı qalmasının “həddindən artıq” ehtiyat azalmasına səbəb olacağını əsas gətirərək neftin qiyməti üzrə proqnozunu yuxarı istiqamətdə yeniləyib.
Bankın analitikləri “Brent” neftinin qiymətinin dördüncü rübdə bir barel üçün orta hesabla 90 dollara çatacağını bildiriblər. Əvvəlki proqnoz isə 80 dollar səviyyəsində idi.
Analitiklərin qiymətləndirmələrinə görə, Fars körfəzi regionunda gündəlik 14,5 milyon barel həcmində xam neft hasilatının itirilməsi apreldə qlobal neft ehtiyatlarının rekord sürətlə – gündəlik 11-12 milyon barel azalmasına gətirib çıxarıb:
"Eyni zamanda Körfəz ixracının normallaşması əvvəllər mayın ortalarında gözlənilirdisə, artıq bu iyunun sonuna qədər gecikə bilər. Regionda hasilatın bərpası daha ləng gedəcək. Neft qiymətləri üzrə yuxarı yönlü risklər güclüdür, çünki neft məhsullarının qiymətləri yüksək olaraq qalır, məhsul qıtlığı riski mövcuddur və şokun miqyası misilsizdir”.
Bankın proqnozuna görə, növbəti rübdə bazarda gündəlik 9,6 milyon barel həcmində kəsir yaranacaq. “Brent” neftinin qiyməti cari rübdə 100 dollar, üçüncü rübdə isə 93 dollar təşkil edəcək.
Qeyd edək ki, “Morgan Stanley” bankının analitiklərinin qeydlərində də Hörmüz boğazının bağlanması səbəbindən Fars körfəzindən neft ixracının gündəlik 14,2 milyon barel azaldığı bildirilib. Bankın hesablamalarına görə, bunun nəticəsində qlobal ehtiyatlar gündə 4,8 milyon barel azalıb və bu fərqin bir hissəsi zəif tələb hesabına kompensasiya olunub.
“Brent” üzrə proqnozlarını dəyişməyən “Morgan Stanley” bildirib ki, fyuçers qiymətləri cari rübdə orta hesabla 110 dollar, üçüncü rübdə 100 dollar, dördüncü rübdə isə 90 dollar olacaq.
