Pxenyanda Kurskda həlak olan koreyalı hərbçilərin xatirəsinə abidə ucaldıldı
Şimali Koreya lideri Kim Çen In bildirib ki, ölkəsi Rusiyanın siyasətini dəstəkləməyə davam edəcək.
Analitiklər bu əməkdaşlığın Ukrayna müharibəsindən sonra da davam edəcəyini düşünürlər.
Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı məlumata görə, Rusiyanın müdafiə naziri Andrey Belausovun rəhbərlik etdiyi nümayəndə heyəti 2024-cü ildə Ukrayna qüvvələrinin hücum etdiyi Rusiyanın Kursk vilayətində döyüşlərdə həlak olmuş Şimali Koreya əsgərlərinin xatirəsinə ucaldılmış abidənin açılış mərasimində iştirak edib.
Rusiya xəbər agentliklərinin yaydığı məlumatda bildirilir ki, Belausov Şimali Koreya rəsmiləri ilə hərbi əməkdaşlığı sabit və uzunmüddətli əsasda qurmaq, həmçinin bu ilin sonuna qədər 2027-2031-ci illəri əhatə edən əməkdaşlıq planını imzalamaq barədə razılığa gəlib.
Kim Çen In abidənin açılışı mərasimində çıxışında Rusiya qüvvələri ilə yanaşı döyüşən Şimali Koreya hərbçilərinin “təcavüzkarları məhv etdiyini” deyib və bunun ABŞ və Qərbin “hegemon ambisiyalarının və hərbi avantürizminin” qarşısını aldığını vurğulayıb.
Kim Çen In bildirib ki, Şimali Koreya hökuməti Rusiyanın suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizlik maraqlarını müdafiə edən siyasətini tam şəkildə dəstəkləməyə davam edəcək.
