Skandalların mərkəzindəki FTB rəhbəri vəzifəsindən gedir?
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patelin vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı iddialar Vaşinqton siyasi dairələrində geniş əks-səda doğurub.
"Politico" nəşri yüksəkrütbəli rəsmiyə istinadən Patelin istefasının "yalnız zaman məsələsi" olduğunu yazıb.
Məlumata görə, mümkün işdən çıxarılmanın əsas səbəblərindən biri son dövrlər mediada Patel haqqında dərc olunan çoxsaylı mənfi və qalmaqallı materiallardır.
Mənbə qeyd edib ki, bu cür neqativ xəbərlər kabinet üzvü olan bir rəsminin nüfuzuna xələl gətirir və ABŞ Prezidenti Donald Tramp artıq xüsusi xidmət rəhbəri ətrafında səngiməyən qalmaqalların diqqəti əsas məsələlərdən yayındırmasından yorulub.
Trampın yaxın ətrafında Patelin fəaliyyətinin administrasiyanın ümumi imicinə mənfi təsir göstərdiyi barədə rəylər güclənməkdədir. FTB-nin özü isə direktorun gələcək taleyi ilə bağlı yayılan məlumatları şərh etməkdən qətiyyətlə imtina edib.
Ekspertlər hesab edirlər ki, Patelin gedişi ABŞ kəşfiyyat sistemində yeni kadr islahatlarının başlanğıcı ola bilər. Hazırda Ağ Evin rəsmi qərarı və Patelin yerinə gətiriləcək potensial namizədlər barədə müzakirələr davam edir. Belə bir dəyişiklik administrasiyanın hüquq-mühafizə orqanları üzərindəki nəzarət strategiyasına ciddi təsir göstərə bilər.
