"Gerçək vəd-4" əməliyyatının növbəti dalğası həyata keçirilib - Baku TV
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd-4" əməliyyatının 86-cı dalğasını həyata keçirib.
SEPAH-ın açıqlamasına görə, ABŞ-nin "Viktoriya", "Arifcan", "Əl-Dafra" və "Əl-Xərc" bazalarına hava zərbələri endirilib.
Qeyd olunub ki, hücumlarda raketlərlə yanaşı, pilotsuz uçuş aparatlarından da istifadə olunub. Əlavə edilib ki, "Gerçək vəd-4" əməliyyatının 86-cı dalğasında İraqın Ərbil, İsrailin Nəqəb, Arad və Təl-Əviv şəhərləri də bombalanıb.
Bu arada, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin "RFA Lyme Bay" böyük desant gəmisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün xüsusi avadanlıq hazırlayıb. "The Sunday Times" nəşrinin yazdığına görə, bu qabaqlayıcı addım ticarət gəmiçiliyinin normal axınının bərpasına kömək edə bilər.
Qeyd edək ki, "Lyme Bay" gəmisi vaxtaşırı humanitar yardımın göstərilməsində və ya üzən hospital, eləcə də aviasiya üçün platforma kimi istifadə olunan Böyük Britaniya köməkçi donanmasının bir hissəsidir. 2025-ci ilin sonundan etibarən o, Cəbəllütariqdəki hərbi dəniz bazasında yerləşir.
