Bu hərbçinin yaxınları axtarılır: Rusiyadan azərbaycanlılara müraciət
İkinci Dünya müharibəsində həlak olmuş keçmiş Qızıl Ordu əsgərlərinin qalıqlarının axtarışlarını həyata keçirən Rusiya bölmələrindən biri 1943-cü ildə ən böyük tank döyüşünün baş verdiyi Kursk vilayətində azərbaycanlı döyüşçünün qalıqlarını tapıb.
Məlumata görə, onun kimliyi qalıqlar arasından tapılan “ölüm medalyonu” vasitəsilə müəyyən edilib. Məlum olub ki, o, əslən Gəncədən olan 1913-cü il təvəllüdlü Əhməd Həsənovdur.
Rusiya Müdafiə Nazirliyinin tarix arxivindən bildirilib ki, 81-ci qvardiya atıcı diviziyasının Qızıl Ordu əsgəri Əhməd Həsənov 1943-cü il iyulun 17-də Kursk vilayətinin Belenixinski rayonunun Maloyablonovo kəndi yaxınlığında itkin düşüb. Məlum olub ki, Əhməd Həsənov Kursk döyüşündə qəhrəmancasına həlak olub və kütləvi məzarlıqda dəfn edilib.
Rusiya axtarış bölmələri taleyi barədə 80 ildir hər hansı məlumat əldə edilməyən qəhrəmanın qohumlarının tapılmasına köməklik göstərilməsi üçün Azərbaycan vətəndaşlarına müraciət edib.