Evlərimiz palçığın içində qalıb | Hacıqabulda son vəziyyət necədir?
Bəzi bölgələrdə yağan leysan xarakterli yağışlar nəticəsində Pirsaat çayı öz məcrasından çıxıb və Hacıqabul rayonu ərazisindən sel keçib.
Nəticədə rayonda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içində qalıb.
“Belə hadisə gözləmirdik, fəlakətdir. Həyətimiz palçığın içindədir. Səhərdən həyətdə palçıq təmizləyirik. Sel bizi yaman günə qoydu. Toyuq-cücəmiz məhv olub”, – sakin deyib.
Hacıqabul Rayon İcra Hakimiyyətindən bildirilib ki, 13 oktyabrdan selin yaratdığı fəsadlarla bağlı işlər görülür:
“Rayon ərazisində həyətyanı sahələrdən, evlərdən və zirzəmilərdən suyun çəkilməsi ilə bağlı işlər icra olunur. Rayonda elektrik enerjisinin verilişi həmin gün bərpa olunub.
Hacıqabul və Şirvan rayonları arasında olan dəmir yolunun bərpası işləri “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilir. Güman edirik ki, qısa müddətdə qatarlar sərnişinlərin istifadəsinə veriləcək”.