Heyvanlarla bağlı yeni tələblər qoyuldu | Qiymətlər əl yandıracaq? - Baku TV
Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq olunacaq.
Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, ölkəyə idxal olunan heyvanların daşınması yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək.
Avtomobillər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verməlidir. Yeniliyin 2027-ci ildən tətbiq edilməsi nəzərdə tutulub. Bu müddətə qədər isə heyvanların uyğunlaşdırılmış avtomobillərdə yalnız bir mərtəbədə daşınmasına icazə verilir. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub. Bir sözlə, ölkəyə diri heyvan gətirilərkən avtomobillərə əvvəlki sayda heyvan yükləməyə icazə verilməyəcək.
Qeyd edək ki, Azərbaycanda mal və qoyun ətinə tələbatın bir hissəsi idxal hesabına ödənilir. 2025-ci ildə ölkəyə xaricdən 115 301 baş iribuynuzlu heyvan və 306 591 baş qoyun gətirilib.
İqtisadçı Xalid Kərimli deyir ki, heyvanların daşınması ilə bağlı yeni tələblər idxal qiymətlərini artıra bilər:
“Bu, bir baş heyvan üzrə daşınma xərclərinin artmasına gətirib çıxaracaq. Təbii ki, həmin artım idxal qiymətlərinə də təsir göstərəcək. Satıcılar, daşıyıcılar və idxalçılar logistika xərclərindəki artımı məhsulun maya dəyərinə daxil edəcəklər. Ən azı növbəti idxal proseslərində bu xərclər nəzərə alınacaq”.
Ekspert əlavə edib ki, son illərdə diri heyvan idxalının artmaqda davam etməsi fonunda daşıma xərclərinin yüksəlməsi daxili bazarda ətin bir qədər bahalaşmasına səbəb ola bilər.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, yeni tələblər ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədi daşıyır. Qurum sahibkarları fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırıb.
