Bayden özünü təriflədi | Prezident kimi xalqa son müraciətində mesaj verdi ki...
ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden Dövlət Departamentində xarici siyasət məsələləri ilə bağlı çıxış edib.
Cozef Bayden səlahiyyətlərini seçilmiş Prezident Donald Trampa təhvil verməsinə bir həftə qalmış amerikalı diplomatlara müraciət edib və onun çıxışı Ukrayna, Yaxın Şərq və Çinlə bağlı olub.
Prezident bildirib ki, onun Administrasiyası Qəzzada atəşkəs və girovların azad edilməsi üçün təcili razılıq əldə etməyə çalışır:
“İsrail və HƏMAS arasında müharibə yekunlaşmaq üzrədir. Hələ aylar əvvəl təklif etdiyim atəşkəs şərtləri indi reallaşmağa başlayır. Prezident kimi xidmət etdiyim illər ərzində həyat mənə bir şeyi öyrətdi. Heç vaxt, eşidirsiniz, heç vaxt təslim olmaq olmaz.
Yanvarın 12-si İsrailin Baş naziri Benyamin Netanyahu ilə, 13-də isə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə danışdım. İsraildə təhlükəsizliyi təmin edən və HƏMAS-ın başlatdığı bu müharibədə əziyyət çəkən fələstinlilərə humanitar yardım paketimiz qüvvədədir. Öldürülən mülki fələstinlilərin zülmü bitməlidir. Sülh şəraitində yaşamaq onların da haqqıdır. Girovlar evlərinə qayıtmalıdırlar”.
Çıxışının sonunda özünü öyməyi unutmayan C.Bayden D.Trampa güclü dövlət və möhkəm sütunlar üstündə dayanan Amerika ötürdüyünü iddia edib:
“İnanın ki, mənim Administrasiyam bizdən sonra gələn Donald Tramp Administrasiyasına olduqca uğurlu dəst-xət buraxıb gedir. Uğurlu siyasətimiz barədə kifayət qədər danışdım. Hakimiyyət illərimdə qazandığımız dostların sayı xeyli artdı. Ümid edirəm ki, bu belə də qalacaq.
Amerika həmişə Birləşmiş Ştatlar kimi tanınıb. Ştatlar və insanlar arasında qurduğumuz harmoniya qorunub saxlanılmalıdır. Prezident olduğum illərdə məhz bu niyyətə xidmət etdim”.