İran bu tarixdə hücum etməyi planlaşdırır | İsrail KİV-dən iddia
İran 12-13 avqust tarixlərində – yəhudi xalqının fəlakəti günü olan “Tişa-Beav”da İsrailə hücum etməyi planlaşdırır.
Bu barədə “The Jerusalem Post” yazıb.
Nəşrdə qeyd edilib ki, “Sky News Arabia”nın Qərb kəşfiyyatındakı mənbələrinin İranın avqustun 12-si və 13-nə təsadüf edən “Tişa-Beav” günündə İsrailə hücum etməyi planlaşdırdığına dair sübutlarının olduğunu bildiriblər.
İranın hücumu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq gerçəkləşdiriləcək.
Həmçinin qeyd olunub ki, İranın hücumu ehtimal ki, İranın dəstəklədiyi və Livanda yerləşdirilmiş “Hizbullah”la əlaqələndiriləcək.
Bundan əlavə, vurğulanıb ki, müqəddəs matəm günündə İsrailə hücum israillilərin emosional və psixoloji vəziyyətinə təsir göstərə bilər.
Qeyd edək ki, “Tişa-Beav” yəhudi təqvimində ən hüznlü günlərdən biri hesab olunur. Bu, birinci və ikinci Yerusəlim məbədlərinin dağıdılmasının xatirəsinə həsr olunmuş milli matəm günüdür.