İsrail ard-arda İranın hərbi bazalarını vurur
Aprelin 3-dən 4-ə keçən gecə İsrail Suriyanın paytaxtı Dəməşqin ətrafında yerləşən İranın hərbi bazasına raket zərbələri endirib.
Bu barədə Britaniyada yerləşən Suriya İnsan Haqları Monitoriq Qrupu məlumat yayıb. Bildirilib ki, zərbələr nəticəsində İrana bağlı silahlı qruplaşmanın bir neçə üzvü həlak olub.
Suriya Ərəb Xəbər Agentliyinin yaydığı məlumata görə, aviazərbələr İsrailin nəzarəti altında olan Colan təpələrindən endirilib. İddiaya görə, Dəməşq hökumətinin qüvvələri raketlərin əksəriyyətini zərərsizləşdirə bilib.
“Al Hadath” telekanalı zərbələrin hədəfinin Dəməşqin hava limanı və şəhərin cənub-şərq hissəsi olduğu barədə məlumat yayıb. Bununla yanaşı, Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında Seyyidə Zeynəb bölgəsində İrana məxsus hərbi obyektin də raket hücumuna məruz qaldığı bildirilib.
Beləliklə bu, son 6 gündə İsrailin İranın Suriyadakı obyektlərinə endirdiyi 4-cü zərbədir.