Pezeşkianın “islahat planı” və Xameneinin “dini maneə”si
İran Prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycanın ziyalıları, ictimai və mədəni fəalları ilə görüşü zamanı ölkədəki iqtisadi vəziyyətdən danışarkən maraqlı fikirlər səsləndirib.
Pezeşkian çıxışı zamanı İranı Türkiyə, Yaponiya və Koreya ilə müqayisə edib.
“Bu ölkələr o qədər də çox təbii resurslara malik olmasalar da, sosial rifah baxımından daha irəlidədirlər. Neftimiz, qazımız var, amma xalqımız acdır. Nefti, qazı necə sata bilərik? İnsanların problemləri var və günahkar bizik”.
İran Prezidentinin bu çıxışı ölkənin resurs asılılığını, idarəetmə səhvlərini və korrupsiya faktlarını da ortaya qoyur. Ölkədə sosial vəziyyətin pis olması əvvəllər də İranda hakimiyyətin bəzi şəxsləri tərəfindən etiraf edilib. Amma Pezeşkian “günahkar bizik” deməklə məsuliyyəti xarici qüvvələrə və sanksiyalara deyil, daxili idarəetmə sisteminə yönəldir. İranın inkişafında ən mühüm səbəb kimi idarəçiliyinin səmərəsizliyi göstərilir.
Ölkədə prezident idarəçilik sistemi mövcuddur. Eyni zamanda Prezidentə tabe olan dövlətin bürokratik aparatı da fəaliyyət göstərir. Ali Rəhbər Seyid Əli Xamenei əsas söz sahibidir. Bu isə ölkədə həm paralel idarəçilik, həm də Prezidentə peşəkar komanda ilə işləməyə maneə yaradır. Eyni zamanda Ali Rəhbərə tabe olan SEPAH kimi böyük bir silahlı qrupun fəaliyyəti həm maliyyə, həm də idarəçilik baxımından ölkəni pis vəziyyətə salır.
İranın Qərblə münasibətlərinin normal olmaması ölkəyə investisiya axınının da qarşısını alır. Ölkənin əsas qazanc mənbəyi olan neftdən gələn gəlirlər dövlət aparatının və hərbi qurumların saxlanmasına sərf edilir. Bu isə ölkədə sosial bərabərsizliyə səbəb olur.
Pezeşkianın Türkiyəni xüsusi qeyd etməsi təsadüfi deyil. Türkiyə enerji resurslarına malik deyil, amma sənaye, turizm, ixrac sahələrində ciddi irəliləyiş əldə edib. Türk iqtisadi modelində özəl sektorun fəallığı, bazar iqtisadiyyatı prinsipləri və idarəetmədə çeviklik ön plandadır.
İran isə daha çox dövlət nəzarətinə əsaslanan, qapalı iqtisadi sistemə malikdir. Pezeşkian dolayısı ilə deyir ki, İranın problemi resurs çatışmazlığı deyil, idarəetmə mədəniyyəti və iqtisadi sistemin köhnəliyidir. Bu isə əslində, Ali Rəhbərə ünvanlanmış siyasi mesajdır. Məsud Pezeşkian İranda islahatların vacib olduğunu, əks halda ölkənin uçuruma doğru gedəcəyini bəyan edir.
#İran teqi istifadə olunub
- “Sənətimi İran İslam Respublikasının olmayacağı günlərə saxlayıram” | Ququş
- İraqda İrana bağlı qruplaşmaların ləğvi tələb edildi
- “O İran rəsmilərinin həbsi...” | İsrail nəşrində qalmaqallı məqalə
- İran iqtisadiyyatı üçün vacib hadisə | “Bu, ölkənin ən mühüm mədənlərindəndir”
- İranı içəridən sarsıdan böyük təhlükə | "Vəziyyət günü-gündən ağırlaşır" - Baku TV
