Kişi 4 övladının anasını elə qətlə yetirdi ki... | Bakıda tükürpərdən hadisə
2023-cü il sentyabrın 14-də 1960-cı il təvəllüdlü Şahniyar Məmmədov həyat yoldaşı Validə Zülfüqarovanı qətlə yetirib.
Hadisə ailənin kirayə yaşadığı Zabrat qəsəbəsi, Vidadi küçəsi 36, ev 2 ünvanında baş verib.
Qeyd edək ki, Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Validə Zülfüqarovanın ölümünə səbəb onun boğulması olub.
İstintaqla müəyyən olunub ki, mərhumun həyat yoldaşı Şahniyar Məmmədov onun işlədiyi restorandan evə gecə saatlarında taksi ilə tək qayıtması, tez-tez ondan nə zaman işdə növbədə olacağı ilə maraqlanıb, ona qarşı soyuq münasibət göstərməsi səbəbindən arvadının başqa şəxslərlə yaxın münasibətdə olmasından şübhələnib.
Avqustun 11-də söhbət edən zaman qadın bir ay əvvəl işdən qayıdarkən, şəxsiyyəti istintaqa məlum olmayan “Rasim” adlı taksi sürücüsü ilə intim münasibətdə olmasını etiraf edib.
Şahniyar Məmmədov həyat yoldaşının onunla birgə yaşamaqdan imtina etməsindən, boşanmaq istəməsindən hiddətlənərək, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib.
Sentyabrın 14-ü saat 13:30-da Şahniyar Məmmədov növbəti dəfə xəyanət mövzusunda yaranan mübahisə zamanı qonaq otağında Validə Zülfüqarovanı boğaraq öldürüb.
İş üzrə dindirilmiş Şahniyar Məmmədov bildirib ki, 1990-cı ildə Validə Zülfüqarova ilə ailə həyatı qurub və nikahlarından 4 övladları dünaya gəlib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahniyar Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətinə azadlıqdan məhrum olunub.