Sosial Xidmətlər Agentliyindən yeniyetmə ilə bağlı açıqlama
Sosial şəbəkələrdə 16 yaşlı qızın ailəsi tərəfindən döyülərək evdən qovulması ilə bağlı xəbər yayılıb.
Xeyli müzakirələrə səbəb olan hadisə Sosial Xidmətlər Agentliyinin də diqqətindən kənar qalmayıb.
Qurumdan bildirilib ki, sözügedən yeniyetmə Agentliyin müvafiq müəssisəsinin məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsinə yerləşdirilib. Onunla bağlı qiymətləndirmə aparılaraq zəruri ilkin tibbi yardım həyata keçirilir. Yeniyetmə müəssisədə reabilitasiya xidmətləri ilə əhatə olunacaq.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda qeyd edilib ki, peşə məktəblərinin birində təhsil alan 2007-ci il təvəllüdlü şagirdin xəsarət alması barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən araşdırma aparılan zaman məktəbliyə xəsarətin anası tərəfindən yetirildiyi müəyyən edilib. Xəsarətlə bağlı ekspertiza təyin olunub.
Həmçinin rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına da bu barədə məlumat verilib.