Putin Ruben Vardanyanın həbsindən danışdı
“Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Qarabağın keçmiş “lider”lərinin həbsi ilə bağlı suala cavabında bildirib.
“O, bizim vətəndaşlıqdan imtina edib. Biz hər zaman bunu etmişik, indi də edərik. Mən telefonla Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışam. Əvvəllər də danışmışıq. O, hər zaman məni əmin edib ki, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunacaq. İndi orada erməni qalmayıb, hamı gedib. Ola bilsin ki, 1000-1500 nəfər qalıb. O ki qaldı keçmiş rəhbərlərə, mən bilmirəm. Detallara da varmaq istəmirəm. Anladığım qədərilə onları İrəvanda görmək istəmirlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi məlum məsələdə bütün ərazi məsələləri həll olunduğu vaxtda humanitar xarakterli mülahizələrə əsaslanacaq”, – V.Putin vurğulayıb.
Qeyd edək ki, R.Vardanyan sentyabrın 27-də saxlanılaraq ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.