Sergey Markov Paşinyanın qərarlarını şərh etdi
“Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsi artıq həll olunub və ərazi bütövlüklə Azərbaycanın nəzarətinə keçib”.
Bunu rusiyalı politoloq Sergey Markov iki ölkə arasında dekabrın 13-də baş tutan hərbçilərin mübadiləsi prosesini şərh edərkən deyib.
Bildirib ki, Qarabağ konfliktinin başa çatması rəsmi İrəvanın Bakı ilə münasibətlərini yaxşılaşdırması üçün yeni fürsətlər yaradıb.
S.Markov onu da əlavə edib ki, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası kimi həll olunmalı başqa məsələlər də var:
“Nəqliyyat dəhlizlərinin açılması, Azərbaycan və Türkiyənin Ermənistana qarşı blokadasının qaldırılması kimi məsələlər həll olunmalıdır. Anklavlarla nə etməliyik? Üstəlik, bu anklavların əksəriyyəti Azərbaycanın olub.
Ölkələr arasında yaşanan qarşılıqlı nifrət hissini aradan qaldırıb, xalqlar arasında daha sakit, yaxın əlaqə yaratmaq lazımdır. Bunun üçün sərhədlər açılmalıdır, iqtisadi əlaqələr inkişaf etdirilməlidir. Bunun əsasını Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması təşkil etməlidir.
Ən vacibi isə Ermənistan təkcə Azərbaycanın ərazi bütövlüyünü deyil, Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tam şəkildə tanımalı, bunu yazılı şəkildə etməlidir. Ermənistan hələ də bunu etməyib.
Ölkə hazırda Rusiya ilə müttəfiqlikdən uzaqlaşaraq Fransaya, ABŞ-yə, bir sözlə, Qərb ölkələrinə yaxınlaşıb. Bundan öncə düşünürdülər ki, Qarabağda Azərbaycana qarşı onun əvəzinə Rusiya vuruşmalıdır. Rəsmi Moskva bunu etmədiyinə görə də onlar bizdən üz döndərdilər”.
Rusiyalı politoloq Sergey Markov Nikol Paşinyanın ABŞ, Fransa və digər ölkələrə yaxınlaşmasının səbəbini də şərh edib. Politoloq hesab edir ki, Baş nazir bununla yeni müttəfiqlərinin Ermənistanı sıxışdırmamaları üçün Azərbaycana təzyiq göstərəcəklərini düşünür.
S.Markovun sözlərinə görə, İrəvanın bu istəkləri və yeni müttəfiqləri iki ölkə arasında imzalanacaq sülh sazişini sadəcə olaraq gecikdirir.