Bakı ilə Naxçıvan arasında komfortlu avtobus xidməti başlayır | Detallar açıqlandı
“BakuBus” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı-Naxçıvan istiqamətində avtobusla sərnişin daşınmasına dair elan etdiyi müsabiqədə qalib gəlib.
Bu barədə AYNA-nın mətbuat katibi Tural Orucov məlumat verib.
Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.
Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. Bu il Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.