Gənclər dindən niyə qaçır? - Müsəlmanın qorxusu odur ki... | AMİN
Baku TV-nin “Amin” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Əməkdar incəsənət xadimi Aqil Məlikov və ilahiyyatçı Qadir Səfərov ilə gənclərin tərbiyəsi mövzusu ətrafında müzakirə aparılıb.
Aqil Məlikov bildirib ki, övladı yaxşı tərbiyə etmək bütün dini əməlləri yerinə yetirməyə bərabərdir:
“Əgər tərbiyə zəifdirsə, təlim də zəifdir. Dahilərimiz, müdriklərimiz həmişə tərbiyə mövzusuna toxunublar. Mirzə Ələkbər Sabir “Ümmətin rəhnüması tərbiyədir, millətin pişvası tərbiyədir” deyir. Yəni bütün dünyanın işi tərbiyədən keçir. Allahın bizə verdiyi nemətlərin ən alisi övladdır. Vətən üçün gözəl övlad yetişdirməkdən böyük səadət yoxdur, ona görə də valideynin məsuliyyəti hər şeydən artıqdır”.
Allahın mərhəmətindən danışan A.Məlikov əlavə edib ki, Yaradanın qəzəbi ədalətindən az deyil:
“Hər kəsin övladı, valideyni özü üçün əzizdir. Amma bu bizə əsas vermir ki, Allahı yaddan çıxaraq. Ötən gün kanalların birində gördüm ki, biri “Dindarların sözlərinə görə, Allahdan qorxmaq lazım deyil, hörmət etmək lazımdır” deyir. Mən isə düşünürəm ki, Yaradana hörmət etmək, ədalətinə şükr etmək lazımdır, amma Allahın qəzəbini də yaddan çıxarmaq olmaz. Hörmət etməyə aldanarsan, qorxu yadından çıxar”.
Bəzi gənclərin hər şeyə vizual yanaşdığını, maddiyyata üz tutduğunu bildirən Qadir Səfərovun sözlərinə görə, bu da onların mənəvi boşluğa düşməsinə səbəb olur:
“Müasir gənclərdə fərdiyyətçilik yaranıb. Sosial şəbəkələr onları tənhalaşdırır. Bəziləri karyera üçün əmək sərf etmir, sanki yaşamırlar. Maddi dünyanın içində bioloji varlıq olaraq ömür sürür, təsadüfdən təsadüfə gedirlər”.
İlahiyyatçı bəzi gənclərin dinə maraq göstərməməsi barədə də danışıb. O bunun səbəbini dinin gənclərə düzgün izah olunmaması ilə əlaqələndirib.