Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyindən təyyarənin "qara qutu"ları ilə bağlı açıqlama
Azərbaycanın obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, “Azərbaycan Hava Yolları”na məxsus və Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutularının Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Həmin mərkəzdə qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək.
Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcək. Bu yanaşma qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.
Bu addım həm də qəza ilə bağlı araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir.
Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək.
Qeyd edək ki, Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir.