Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycanda tapıldı
Azərbaycan beynəlxalq axtarışa verilmiş şəxsi Rusiyaya təhvil verib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Rusiya Federasiyasında dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışda olan həmin dövlətin vətəndaşı Bəylər Əliyevin verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bəylər Əliyev cari ilin fevral ayında ölkəmizdə müəyyən edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyasının tələblərinə əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək mayın 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.