Pezeşkianın İsrail və ABŞ ilə bağlı açıqlamaları ölkədə narazılıq yaratdı | Sensasiyalı detallar
ABŞ ilə danışıqlar və İsraillə 12 günlük müharibədən sonra hərbi hücumlara necə cavab verəcəyi ilə bağlı İran Prezidenti Məsud Pezeşkianın mövqeyini dəyişməsi mühafizəkarların kəskin reaksiyası ilə qarşılanıb. Ölkənin siyasi liderinin tənqidçiləri bu mövqeləri “zəiflik və passivlik” və “milli təhlükəsizliyə zidd” adlandırıblar.
Bu barədə “Iran International” məlumat yayıb.
Ölkənin ali rəhbəri Əli Xameneiyə bağlı “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari bildirib: “Cənab Prezident, bu iki qütblülük doğru deyil. Amerika ilə danışıqları davam etdirməyin təslim olmaqdan başqa bir mənası yoxdur”.
Şəriətmədari ölkədə bəzi rəsmilərin bu dilemmanı “ya danışıqlar aparmalı, ya da müharibəyə hazır olmalıyıq” kimi təqdim etdiklərinə diqqət çəkərək bu yanaşmanın “müqavimət variantını tamamilə aradan qaldırdığını” söyləyib. O, Pezeşkianın son açıqlamalarının “bu fikri əks etdirdiyini” iddia edib.
Pezeşkian avqustun 8-də jurnalistlərə açıqlamasında söyləmişdi: “Döyüşmək istəyirsən? Yaxşı, (Amerika) gəlib vurdu. Yenə düzəldək, yenə gəlib vuracaq. Bu məsələləri emosional şəkildə həll etmək olmaz. Danışıqlara getmək təslim olmaq demək deyil”.
İslam Şurası Məclisindəki Tehran nümayəndəsi Həmid Rəsayi Pezeşkianın mart və avqust aylarındakı açıqlamalarını müqayisə edərək qeyd edib ki, bu mövqelər İranı düşmənə zəif göstərir və onu yenidən hücuma sövq edə bilər.
Avqustun 2-də Pezeşkian İranın heç vaxt nüvə silahı yaratmaq niyyətində olmadığını bəyan edərək başqa bir fikir də səsləndirib: “İranın nüvə proqramı hələ bitməyib və bu anlayış illüziyadır, çünki bu proqram təkcə nüvə obyektlərində deyil, həm də alimlərin beynindədir”.
Mühafizəkarların “Vətən Emrooz” qəzeti Pezeşkianın dəyişən mövqeyini “düşünülməmiş və avtoqol” adlandıraraq onun amerikalı həmkarı Donald Trampın təhdidini təkrarladığını və bunu geri çəkilmək kimi qəbul etdiyini yazıb.
İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Cavan” qəzeti də onun Xamenei ilə koordinasiyaya önəm vermədiyini iddia edərək bu yanaşmanı “qəbuledilməz” adlandırıb.
#İran teqi istifadə olunub
- “Sənətimi İran İslam Respublikasının olmayacağı günlərə saxlayıram” | Ququş
- İraqda İrana bağlı qruplaşmaların ləğvi tələb edildi
- “O İran rəsmilərinin həbsi...” | İsrail nəşrində qalmaqallı məqalə
- İran iqtisadiyyatı üçün vacib hadisə | “Bu, ölkənin ən mühüm mədənlərindəndir”
- İranı içəridən sarsıdan böyük təhlükə | "Vəziyyət günü-gündən ağırlaşır" - Baku TV
