Paşinyan yeni “böyük qardaş” axtarışında: çarəsizliyin etirafı
“Ermənistanda Rusiya hərbi bazalarının olmasına heç bir zərurət görmürük”.
Baş nazir Nikol Paşinyan “Wall Street Journal”a müsahibəsində İrəvanın yeni tərəfdaşlar axtarışında olduğunu deyib. Hökumət rəhbərinin fikrincə, rəsmi Moskva müttəfiqlik öhdəliklərini yerinə yetirməyib.
Qeyd edək ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası mövcuddur. Hazırda şəxsi heyətin 4 min nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir.
Xatırladaq ki, Baş nazir N.Paşinyan bir müddət əvvəl rus sülhməramlıları ölkəsinə buraxmayacağını da bildirib. Onun sözlərinə görə, Qarabağdakı rus sülhməramlıları bölgəni tərk edəcəksə, Rusiyaya qayıtmalıdır, Ermənistanda yerləşməli deyil.
N.Paşinyan Ermənistan və Rusiya arasındakı tarixi əlaqələrə dair suala cavab olaraq bildirib ki, onların münasibəti Türkiyə və Azərbaycanla tarixən mövcud olan qonşuluqdan, yaxınlıqdan daha dərindir:
“Ermənistanın qarşısında duran əsas vəzifə regionda uzunmüddətli sülhə nail olmaqdır, Qərbdən hərbi bazalar açmağı, silah-sursatla təmin etməyi tələb etməməkdir. Bütün suallar və cavablar buradadır. Biz, ilk növbədə, regionda münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq”.
Hökumət rəhbəri onu da əlavə edib ki, yaxın aylarda Azərbaycanla sülh sazişinin imzalanmasının mümkünlüyünə nikbin yanaşır.