ABŞ-nin vitse-prezidenti bu prosesin mürəkkəb iş olduğunu deyib
HƏMAS hərəkatı daha iki israilli girovun meyitinin qalıqlarını Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.
Bu barədə İsrail Müdafiə Ordusunun teleqram kanalında məlumat verilib.
Cəmiyyətin əməkdaşları sonra meyitləri Qəzza zolağındakı İsrail qüvvələrinə təhvil veriblər. Meyitlər İsrailə aparılıb, ardınca isə ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılacaq.
Qeyd edək ki, HƏMAS bundan əvvəl 14 məhbusun cəsədini İsrailə təhvil verib. Hazırda Qəzzada 13 israilli məhbusun cəsədi qalıb.
Oktyabrın 9-na keçən gecə ABŞ Prezidenti Donald Tramp İsrail hökuməti və HƏMAS-ın Qəzza münaqişəsinin həlli ilə bağlı Vaşinqtonun təklif etdiyi planın birinci mərhələsinə razılaşdıqlarını açıqlayıb. Fələstinli əsirlərin əvəzində israilli girovların azad olunması və İsrail qoşunlarının qismən çıxarılması bu planın birinci mərhələsini təşkil edir.
Bu arada, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qəzza zolağında qalan girovların qalıqlarının qaytarılmasının mürəkkəb iş olduğunu və bir gecədə baş verməyəcəyini deyib.
"Bu, mürəkkəbdir və bir gecədə baş verməyəcək. Onların bəziləri minlərlə funt dağıntılar altında basdırılıb. Bəzilərinin yeri hətta məlum deyil", – deyə o əlavə edib.
#HƏMAS teqi istifadə olunub
